
Şamaxı festivalı
5 oktyabr 2024-cü il tarixində Şamaxı Olimpiya Mərkəzinin meydançasında məktəb komandaları arasında növbəti reqbi festivalı keçiriləcəkdir. Bakıdan Avropa Azərbaycan Məktəbi, Xəzər Universiteti Dünya Məktəbi, Sumqayıtdan 29 və 10 nömrəli məktəblər, Qobustandan 1 nömrəli orta məktəb və Şamaxı rayonu Sabir qəsəbəsindən A. Alxanov adına orta məktəbin komandalarının iştirakı nəzərdə tutulmuşdur.
Festival çərçivəsində bir sıra tədbirlər planlaşdırılır. İlk öncə bütün komandaların oyunçuları “Qarabağ” Reqbi Klubunun və yeniyetmələrdən ibarət milli yığma komandanın baş məşqçisi İlqar Qubadovun rəhbərliyi altında birgə məşq prosesində iştirak edəcəklər. Daha sonra Məktəb Liqası çərçivəsində 1-ci turun son 2 qarşılaşması ilə tura yekun vurulacaq.
Bu oyunlarda A. Alxanov məktəbi və Qobustan 1 nömrəli məktəbin komandaları, həmçinin Sumqayıt şəhərinin 10 və 29 nömrəli məktəb komandaları üz üzə gələcəklər. Daha sonra isə Azərbaycanda ilk dəfə qızlardan ibarət komandalar arasında yoldaşlıq turniri keçiriləcək. Yarışda Avropa Azərbaycan Məktəbi, Xəzər Universiteti Dünya Məktəbi və Şamaxı Olimpiya Mərkəzinin qızlardan ibarət komandalar öz qüvvələrini sınayacaqlar.